İstanbulda unudulmayacaq 5 gün

 

Dünyanın ən gözəl və ən tarixi şəhərlərdindən biri olan İstanbulu kəşf etmək üçün sizə 5 günlük səyahət planı hazırladıq. Bu planın İstanbula istər ilk dəfə gedənlər, istərsə də təkrar səyahət edənlər olsun, hər kəs üçün faydalı olacağını düşünürük.

Səyahət planını hazırlamamışdan öncə İstanbulu 3 fərqli bölgəyə bölərək qruplaşdırdıq. Daha sonra bu 3 fərqli bölgəni də günlərə böldük. 5 günü əhatə edən səyahət planında ilk 3 günü İstanbulun Avropa səmtinə, 1 günü Anadolu səmtinə və son 1 günü də adalara ayırdıq.

İstanbul turuna baxmaq üçün daxil olun.

 

İstanbulda ilk gün

İstanbulda ilk günü “Gülhane Park”ında səhər yeməyi ilə başlayırıq. Ləziz təamlardan yedikdən sonra görməli yerlərə yollanırıq. Bir çoxları İstanbula gələndə birinci “Sultanahmet Meydanı”na gedir. Amma səhər yeməyindən sonra birinci “Ayasofya Cami”sinə getməyinizi tövsiyə edirik. İstəsəniz orada meydanda çay, qəhvə fasiləsi verə və ya gəzintiyə davam edə bilərsiniz. Əgər fasilə vermək istəyirsinizsə, o zaman orta şəkərli bir türk qəhvəsi içməyinizi məsləhət görürük.

Daha sonra gəzintiyə adı və tarixi dillər əzbəri olan “Topkapı Sarayı”na getməklə davam edə bilərsiniz. Buradakı gəzintiniz ən az 2 saat olacaq. Əgər tarixi sevirsinizsə, bu 2 saat sizin üçün 20 dəqiqə kimi gələcək. Deyəsən bu gəzinti artıq aclıq da gətirib. Günorta yeməyi üçün də yollanırıq “Tarihi Sultanahmet Köfteci”yə. Yeməyimizi yedikdən sonra isə növbə “Sultanahmet Cami”yə gəlir. Burada gəzib və şəkillər çəkdikdən sonra isə yaxınlıqda yerləşən Qədim Misir abidəsinə, “Theodosius Dikilitaş”a mütləq gedin. səyahətə davam etmək istəsəniz. “Sultanahmet Meydanı”ndakı son görməli yeri də İstanbul Arxeologiya Muzeyini gördükdən sonra əgər səyahəti sonlandırmaq istəyirsinizsə, hotelinizə yollana bilərsiniz. Yox, əgər bu gün belə bitməməlidir deyirsinizsə, o zaman yolumuza “Tarihi Mısır Çarşısı” ilə davam edirik. Bir-birindən maraqlı əşyaların satışı olan mağazaları gəzdikdən sonra isə günümüzü yekunlaşdırmaq üçün “Galata Köprüsü”nə yollanırıq. Burada, dənizin sahilində ənənəvi olaraq balık-çörək yeyərək İstanbulun gecə mənzərəsini izləyə bilərsiniz.

 

İstanbulda ikinci gün

İstanbulda gözümüzü möhtəşəm bir günə açırıq. Çünki bu gün muzeylərə səyahət edəcəyik. Amma deyəsən bir az acmışıq, elə isə İstanbuldakı ikinci günümüzə “Galata Köprüsü”ndə səhər yeməyi yeyərək başlayırıq. Yeməyimizi yedikdən sonra “Galata Mevlevihanesi Müzesi”nə yollanırıq. Muzeydə gəzdikdən sonra isə təklif edirik ki, yenə kiçik fasilə verəsiniz. Bunun üçün də “İstiklal Caddesi”nə çıxırıq və “Asmalı Mecid”də yerləşən “Asmalı Caffee” adlı məkanda ləziz kəhvə fasiləsi verə bilərsiniz. Əgər istəyirsinizsə, başqa məkanda da içə bilərsiniz qəhvənizi.

Yolumuza “Pera Müzesi”nə gedərək davam edirik. Türkiyənin ən çox sevilən və maraq görən muzeyini gəzdikdən sonra digər maraqlı muzeyə yollanırıq. “Madame Tussauds” muzeyində bir-birindən maraqlı və fərqli əyşalarla – arı mumundan hazırlanan heykəllərlə tanış olacaqsınız. “Madame Tussauds” muzeyində Barış Mançodan Rihannaya qədər bir çox məşhur simaların heykəllərini görə bilərsiniz.

Muzeylərə bir az fasilə verərək İstanbulu dünyada məşhur edən ikinci tikililərə, məscidlərə yollanırıq. 16-cı əsrdə tikilən “Hüseyn Ağa Cami” İstanbula gələn turistlər tərəfindən ən az Ayasofya qədər maraq görən məscidlərindəndir.

“İstiklal Caddesi”nə getmişkən son zamanların ən məşhur yerlərindən biri olan “Fransız Sokağı”na getməmək olmaz. Kiçik kafelərin olduğu bu maraqlı küçəyə getdikdə nə demək istədiyimizi anlayacaqsınız.

İndi isə yavaş-yavaş gəzintini sonlandırmaq zamanıdır. Əgər ilk gün yediyiniz balık-çörəyin dadı damağınızda qalıbsa, “Çiçek Pasajı” və ya “Nevizade”də balık yeyə bilərsiniz.

 

İstanbulda üçüncü gün

İstanbuldakı üçüncü günümüzü “Tophane – Dolmabahçe – Beşiktaş – Ortaköy” istiqamətinə ayırırıq. Başlayaq.

Bu gün Avropa səmtinin sonun günüdür və günə “Kaptan-I Derya Kılıç Ali Paşa” məscidinə getməklə başlayırıq. “Galata”da yerləşən bu məscidin yanında həm də gəzib görəcəyimiz digər məkanlar da var. Məscidin tam yanında “1-ci Mahmut Han Çeşmesi”, bir az qarşıda isə Sultan Əbdulməcidin tapşırığı ilə inşa olunan və 1852-ci ildə tamamlanan “Tophane Kasrı” yerləşir. Buraları gəzdikdən və gördükdən sonra isə “Nusretiye” məsdicini görməyə gedirik. Bu gəzintilərdən sonra “Galataport”a keçib həm alış-veriş edə, həm də İstanbulun əvəzsiz Bosfor (İstanbul Boğazı) mənzərəsində qəhvə fasiləsi verə bilərsiniz.

Daha sonra gəzintiyə davam edərək günün ən önəmli yerinə - “Dolmabahçe Sarayı”na gedirik. Daha sonra isə “Yahya Efendi Türbesi”nə yollanırıq. Günün sonunda isə axşam yeməyi üçün “Yıldız Parkı”na gedə və günün yorğunluğunu burada çıxara bilərsiniz.

 

İstanbulda dördüncü gün

İstanbulda ilk üç gündə Avropa səmtini gəzdik. İndi isə sıra Anadolu səmtindədir. Gəzəcək çox yerin olmasına rəğmən qısa bir zamanımız var buradakı səfərimizi “Üsküdar – Kuzguncuk – Çengelköy – Anadolu Kavağı” olaraq təyin etdik. Səyahət planımız uzundur və məkanlar arası yolu piyada deyil, avtobusla getməyi məsləhət görürük.

Günə Üsküdar sahilində Bosfor mənzərəsində çay-simit ikisili ilə başlayırıq. Daha sonra istəsəniz yaxınlıqdakı Sultan Süleymanın qızı Mihriman Sultanın adına inşa edilmiş eyni adlı məscidə - “Mihriman Sultan” məscidinə gedə bilərsiniz. Daha sonra “Kuzguncuk”a yollanırıq. Rəngli yaşayış binalarıyla Polşanı xatırladan “Kuzguncuk”u mütləq görməlisiniz.

Səyahətimizə sırayla “Çengelköy – Adile Sultan Sarayı – Küçüksu Kasrı - Hidiv Kasrı Korusu – Mecidiye Kasrı”na gedərək davam edirik. Nəhayət günün sonunda Anadolu səmtinin şimalında yerləşən “Yaros Kalesi”ni görməyə gedirik. İstəsəniz qalanı sadəcə aşağıdan izləyə, istəsəniz də ən təpə nöqtəsinə qədər qalxa bilərsiniz.

 

İstanbulda beşinci gün

İstanbul turumuzun 5-ci gününü qeyd etdiyimiz kimi adalara ayırmışdıq. İstanbula hansı fəsildə getməyinizdən asılı olmayaraq adalara edəcəyiniz səyahətdə İstanbula deyil, fərqli yerə getdiyinizi hiss elətdirəcək. Bir gəmi uzaqlığında olan adalarda mavi dənizlə yaşıl ağacların birləşməsini görəcəksiniz. Adaları daha füsunkar görmək üçün məsləhətimiz may və sentyabr ayında getməyinizi tövsiyə edirik.

Adalara getmək üçün gəminin hərəkət cədvəlinə buradan baxa bilərsiniz.

 

“Rose” Travel”da İstanbul turu

Erkən rezervasiya ilə (erkən rezervasiya haqqında yazımızı oxumaq üçün daxil olun) İstanbul turunu alaraq payızı unudulmaz şəkildə qarşılaya bilərsiniz. Əgər tur barədə hələ də məlumatınız yoxdursa, o zaman linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.